Bahar Muradova: “ASALA Azərbaycanda 30-dan çox terror aktı törədib"

 

“ASALA Azərbaycanda 30-dan çox müxtəlif terror aktları törədib və nəticədə 3 mindən çox Azərbaycan vətəndaşı öldürülüb”.


APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT PA-nın qış sessiyası zamanı Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında çıxışında deyib. B. Muradova təəssüflə vurğulayıb ki, uzun illər dünya hər kəsə məlum olan məşhur terror təşkilatlarına lazımi reaksiya verməyib, hətta onların bəzilərinə dəstək göstərib. "Dünyaca məşhur terror təşkilatlarından biri olan ASALA-nın adı hər kəsə məlumdur. Bu təşkilat bütün dünya erməniləri adından çoxlu terror aktları törədib. Digər himayədarları ilə bərabər ASALA-nın iştirak və dəstəyi ilə Ermənistan beynəlxalq hüququ pozub, bizim torpaqlarımızı işğal edib, Xocalı faciəsini törədib, tarixi və dini abidələrimizi dağıdıb. Terrora haqq vermək, maddi və mənəvi dəstək göstərmək, hətta onunla bağlı susmağın özü insanlığa qarşı böyük cinayət hesab edilir” - deyə Bahar Muradova bildirib.

 

O, Danimarka və Fransada baş verən son terror hadisələrinin hər kəsi sarsıtdığını qeyd edib. "Terror getdikcə daha böyük əraziləri, hətta hər kəsin indiyə kimi təhlükəsiz hesab etdiyi əraziləri əhatə etməyə başlayıb. Terror və terror təşkilatlarına bugünkü yanaşma dəyişməyəcəksə və selektiv xarakter daşıyacaqsa, biz onu gələcəkdə cilovlaya bilməyəcəyik" - deyən Bahar Muradova əlavə edib ki, İslamın radikalizm və terrorla heç bir əlaqəsi yoxdur.  

Müəllif | Apa.Tv
Apa.tv