“Cəhənnəmdə böyük çığırtı” kitabı təqdim olundu

Bu gün “Lent.az” İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimi keçirilib.


 

APA TV-nin məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, baş redaktorlar, QHT nümayəndələri iştirak ediblər.

 

Tədbir “Cəhənnəmdə böyük çığırtı” kitabının müəllifi Vüsalə Məmmədovanın təqdimatında “APA TV”nin hazırladığı süjetlə başlayıb.

 

Təqdimat mərasimində çıxış edən “APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib ki, 20 ildən artıqdır Azərbaycan dövləti və prezidenti Qarabağ, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində iş aparır: “Biz bu əsərlə həm də “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək, bu istiqamətdə iş aparan təşkilatlarımıza yazılı fakt təqdim etmək istədik. Kitabın nəşrini “TEAS Press” Nəşriyyat Evi həyata keçirib, bu nəşriyyata təşəkkür edirəm. Bu nəşriyyatın aid olduğu Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüb. Biz də insanlıq üçün necə bir təhlükənin mövcud olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün kitabın bir çox xarici dillərə tərcümə edilməsinə çalışacağıq”.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev isə çıxışında “Cəhənnəmdə böyük çığırtı” kitabının Dağlıq Qarabağ münaqişəsi, münaqişə zamanı ermənilərin törətdiyi qəddarlığın dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib: “KitabınXocalı soyqırımı ərəfəsində işıq üzü görməsi də əlamətdar haldır. Münaqişə zamanı əsir və girov azərbaycanlıların sayı 4 mindən artıqdır. Həmin şəxslərdən 550 nəfərin qətlə yetirildiyi, işgəncələrdən öldüyü barədə məlumat var. Ümumilikdə 1400 nəfər şəxs əsir və girovluqdan azad edilib. Bu insanların taleyi, əsir və girovların üzləşdikləri işgəncələr “Cəhənnəmdə böyük çığırtı” kitabında o şəxslərin öz dilindən təqdim olunur. O insanların yaşadıqları faciəni oxuyanda görürsən ki, onlara verilən işgəncələr İkinci Dünya Müharibəsində faşist düşərgələrində verilən işgəncələrə bənzəyir. Çox təəssüf ki, bu işgəncələri verən insanlar nəinki məsuliyyətə cəlb olunmayıb, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar. Biz Dağlıq Qarabağ münaqişəsi ilə analoq təşkil edən münaqişələr zamanı necə münasibət bəsləndiyini görürük. Keçmiş Yuqoslaviya, o cümlədən hazırda Ukrayna hadisələri buna misaldır. Təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa strukturlarının qərar və qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatının qərarlarına baxmayaraq, ikili standartlar hökm sürür".

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov əsas mənbəyin münaqişə zamanı faciələri yaşayan insanlar olduğunu vurğulayıb: “Bu kitab müxtəlif xarici dillərə tərcümə olunmalıdır. Əsir və girov düşmüş insanlarımız tapılmalı, belə kitablar hazırlanmalıdır. Çünki tarix üçün bu kitablar əsas mənbə olacaq".

 

 Kitabın müəllifi Vüsalə Məmmədova deyib ki, ən çox təəssüfləndiyi odur ki, mühasiblərinin gözlərindəki görüntüləri kitaba köçürə bilməyib: “Kitabın ərsəyə gəlməsində xidməti olan dostlarımıza təşəkkür edirəm. Siz bu kitabı oxuyub bitirənə qədər layihə çərçivəsində ikinci kitabı sizə təqdim edəcəyik. Hesab edin ki, bu da mənim Vətənə hərbi xidmətimdir”.

 

Qeyd edək ki, “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holding”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub. Kitabın ideya müəllifi və redaktoru “Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.

Müəllif | Apa.Tv
Apa.tv