Biləsuvarda 8 uşaq anasının körpəsi ölü doğuldu

Biləsuvarda uşaq ölümü faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə baş verib. Rayonun  Ovçubərə kənd sakini, 8 uşaq anası olan 40 yaşlı Səmayə Nuruyeva  doğuş sancıları ilə  Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına  qəbul edilib. Doğuşdan əvvəl həkimlərin apardıqları müayinə zamanı məlum olub ki, ananın bətnindəki döl ölüdür. Təbii üsulla aparılan  doğuş prosesi zamanı uşaq ölü dünyaya gəlsə də, ananın  səhhətində hər hansı problem yaranmayıb.  Səmayə Nuruyevanın həyat yoldaşı Habil Mikayılov isə uşağın həkimlərin səhlənkarlığı ucbatından  ölü doğulduğunu  iddia edib: "Yoldaşımı axşam saatlarında xəstəxanaya gətirmişik. Bura gələndə burda heç kəs olmayıb. Həkimlərin burda olmamağından uşaq tələf olub".

 

Səmayə Nuruyeva bətnindəki  9 aylıq uşağın ölü olduğunu əvvəllər hiss etmədiyini, belə bir  halın olduğu təqdirdə onun səhhətində hər hansı problemin  yarana biləcəyinin istisna edilmədiyini bildirib: "Baş həkim məni aparata göndərdi. Aparata girdim dedilər ki, ölüdür".

 

Həkimlər isə  uşağın xəstəxanada deyil,  ana bətnində bir neçə  gün əvvəl öldüyünü  bəyan ediblər. Onlar bunu  dölün  bədənində müxtəlif patologiyaların olması ilə izah ediblər. Xəstəxananın həkimi körpənin ölü olduğunu deyib: "Azad eləmişəm qan itirməsi olmayıb. Uşaq da doğulan zaman maserasiya olunmuş döldür. Fakt aparatında kağızı var".

 

Hazırda ananın vəziyyəti qənaətbəxşdir.

 

 

Müəllif | Apa.Tv