Masallıda “Embawood”un anbarı yandı

Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində yerləşən məşhur “Embawood” mebel istehsalı fabrikinə məxsus anbarda qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib. Lakin yanğın şiddətləndiyindən və əhatə dairəsi getdikcə genişləndiyindən qonşu Lənkəran, Cəlilabad, Biləsuvar rayonlarından, həmçinin Göytəpə şəhərindən  hadisə yerinə əlavə olaraq yanğınsöndürən briqadalar cəlb edilib. Onların 12 saatlıq mübarizəsindən sonra nəhayət ki, yanğını lokallaşdırmaq mümkün olub.

 

Yanğın nəticəsində ümumi sahəsi 15000 kv.m olan fabrikin 7000 kv.m ərazisi,  o cümlədən istehsalat sahəsi və anbar hissəsi içərisindəki dəzgahlar və materiallarla birlikdə yanaraq sıradan çıxıb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

 

 

Müəllif | Apa.Tv