Mil-Muğan bölgəsində yağan aramsız qar ciddi fəsadlar törədib
Mil-Muğan bölgəsində yağan aramsız qar ciddi fəsadlar törədib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, fevralın 21-i axşam saatlarından yağan aramsız qar Şirvan şəhəri və Hacıqabul, Sabirabad, Salyan və Neftçala rayonlarında ciddi fəsadlar törədib. Şirvan şəhərində elektrik enerjisinin verilməsi dayandırılıb. Şəhərin infrastruktur sahələrində problemlər yaranıb. Neft mədənlərində, xəstəxanalarda, yaşayış evlərində elektrik enerjisi kəsilib. Şirvan şəhərində qarın qalınlığı 30-35 santimetr, bəzi yerlərdə 50 santimetrə qədər olub. Şəhərdə yüzlərlə çoxillik ağac qarın ağırlığına dözməyərək aşıb. Vətəndaşlara və şəhər təsərrüfatına məxsus onlarla evin dam örtükləri, çardaqları uçub. Şirvanda 10-a qədər avtomobil uçmuş çardaqların altında qalıb. Eyni mənzərə Salyan, Neftçala, Sabirabad və Hacıqabul rayonlarında da baş verib. Şirvan “Cənub” İES-dən yüksək gərginlikli elektrik xətlərində yaranan qəzalara görə həmin xətlər sistemdən açılıb. Elektrik enerjisinin dayandırılması səbəbindən suyun verilməsində də problemlər yaranıb. Çörəkbişirmə sexlər qismən fəaliyyət göstərdiyindən çörək qıtlığı da yaranıb. Yolların təmizlənməsinə texnika çıxarılsa da, səhər saatlarında avtomobillərin yollarda hərəkəti çətinləşdiyindən yollarda tıxaclar yaranıb.
Şəhər və rayonların icra strukturları təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün tədbirlər görür. Axşam saatlarında elektrik enerjisinin verilməsi qismən təmin oluunub.