Lerikdə 162 yaşayış məntəqəsi işıqsız qalıb

Lerik rayonuna güclü qar yağıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, fevralın 17-dən başlayan intensiv yağıntı bir sıra problemlərə səbəb olub. Hamarat kəndi ərazisindəki, eləcə də Yardımlı-Masallı yüksək gərginlikli hava xətlərində qəza baş verdiyindən fevralın 20-dən günorta saatlarından Lerik şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb. Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, Lənkəran-Hamarat-Lerik və Masallı-Yardımlı-Lerik yüksək gərginlikli 35 min kilovoltluq hava xətlərində qəzalar yaranıb: "Ayın 20-dən başlayaraq, rayonda qar yağır. Qarın qalınlığı hazırda Lerik rayonunda 1 metr, dağlıq rayonlarda isə daha artıqdır. Ümumilikdə rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. İki gündən artıqdır ki, 162 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Lerik-Lənkəran yolunda qar uçqunları, eyni zamanda torpaq sürüşmələri baş vermişdir".

 

Rayonda rabitə və mobil operatorların fəaliyyətində də fasilələr yaranıb. Bir neçə istiqamətdə ağacların aşması səbəbindən dirəklər aşıb, naqillər sıradan çıxıb. Lənkəran-Lerik şosesinin 29 və 40-cı kilometrliklərində isə irigövdəli ağaclar kökündən çıxaraq, yola düşdüyündən nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb, bir neçə mikroavtobus və 10-dan çox minik maşını yolda qalıb. Lerik rayon 43 saylı Yol İstismar Sahəsinin işçilərinin və ağır texnikanın müdaxiləsindən sonra yolda vəziyyət qaydasına düşüb. 43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin rəisi Elxan Əliyevin sözlərinə görə, şose yolun təmizlənməsi üçün kifayət qədər qum və duz ehtiyatı tədarük olunub. Hazırda sözü gedən ərazi nəzarət altındadır: "Hazırda texnikanın köməkliyi ilə yolun hərəkət hissəsindən qar təmizlənir".

 

Qeyd edək ki, Lerik şəhərinə yağan qarın qalınlığı 45-50, ucqar ərazilərdə isə 65-70 santimetr təşkil edir.

 

Müəllif | Apa.Tv