Bakıda son iki gündə təcili tibbi yardıma müraciət edənlərin sayı artıb

"Havaların qarlı-şaxtalı keçməsi ilə əlaqədar olaraq, son iki gündə təcili tibbi yardıma ümumilikdə müraciət edənlərin sayında artım müşahidə edilir".

 

Bunu APA TV-yə Bakı Şəhəri Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Onun sözlərinə görə, fevralın 21-22-də təcili tibbi yardıma müraciət edənlər əsasən yol qəzaları və dəm qazından zəhərlənmələrlə bağlı olub. Ötən gün 4 yol qəzası qeydə alınıb. Qəzalar zamanı təcili yardıma 14 nəfər müraciət edib ki, bunlardan da iki nəfər həyatını itirib. 12 nəfər şəxsə isə təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.   

 

Baş həkim bildirib ki, ötən gün ərzində paytaxtda 23 dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Xəstəxanaya çatdırılan 15 nəfərin həyatı xilas edilib.

 

Stansiyaya daxil olan müraciətlər arasında yolların buz bağlaması ilə əlaqədar sürüşərək xəsarət alanların sayı ötən illərə nisbətən azlıq təşkil edir. Baş həkim bu azalmanı istirahət günü əhalinin şəhərə çıxmaması ilə əlaqələndirir.

 

Şənbə və bazar günləri ölkə ərazisində 20 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, nəticədə 11 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

 

Müəllif | Apa.Tv