Son günlər yayılmış ağır qrip virusundan necə qorunmalı - HƏKİM MƏSLƏHƏTİ

“Hazırda müşahidə olunan xəstəlik qrip deyil, zökəmdir. Hər iki xəstəliyin əlamətləri oxşardır. Buna görə həkimlər buna ümumi kəskin respirator infeksiya virusu adını qoyurlar”. Bu açıqlamanı APA TV-yə Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova deyib.

Qeyd edək ki, son günlər əhali arasında yüksək qızdırma ilə müşayiət olunan virusa yoluxma halları artıb. Almaz Əsədova bildirir ki, Burundan selik gəlməsi, başağrısı və qripə oxşar digər əlamətlər soyuqdəymədə də müşahidə olunduğundan əhali bu xəstəlikləri qarışdırır.

"Qripin ən təhlükəli növü A qripidir. Çünki bu qrip öz antigen strukturunu dəyişir, bir növdən başqa növə keçir. Bu növ qrip xəstəliyi hər il fərqlənir. Xəstəlik boğaq ağrısı ilə başlayır, öskürək, göz almacıqlarının ağrısı, burundan axın, əzələ ağrısı, oynaq ağrısı, bəzən hətta qusma halları müşahidə olunur. Amma hərarət olsa da tez keçir. Amma virus törədən qrip xəstəliyində isə mütləq hərarət uzun çəkir. Ona görə də dərhal həkimə müraciət olunmalıdır".

Kəskin respirator infeksiyalar sürətlə yayıldığından sanitar-gigiyenik qaydalara əməl etmək vacibdir. Belə ki, virusa yoluxmuş xəstələr otaqda tək saxlanılmalı, onunla ünsiyyətdə olanlar mütləq tənzif taxmalıdır. Burun tez-tez təmizlənməli, 0,5 faizli oksalin mazından istifadə edilməlidir.

"Ev şəraitində 50 qram quru soğan, yarım qaşıq bal və 50 qram qaynar su qarışdırılmalı, yarım saat saxladıqdan sonra buruna damızdırılmalıdır. Gündə üç dəfə bu proseduradan istifadə çox faydalı təsir edir. Çoxlu meyvə-tərəvəz yeməli və maye qəbul olunmalıdır”.

Həkim qripdən qorunmaq üçün əhaliyə tövsiyələr də verib: “İndi meyvə-tərəvəzin, göyərtinin bol vaxtıdır. Onlardan səmərəli istifadə etməklə immuniteti gücləndirmək, vitamin çatışmazlığını aradan qaldırmaq olar. Uşaqları xəstə adamlardan uzaq tutmaq lazımdır. İctimai nəqliyyatdan, metrodan istifadə etdikdə də diqqətli olmaq lazımdır. Viruslara yoluxmamaq üçün insanlar sanitar-gigiyenik qaydalara riayət etməli, imkan daxilində nəqliyyatdakı əl tutanlardan tutmamalıdır”.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı