Quba-Xınalıq yolunda qar uçqunu baş verib

Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb. Ən çox yağıntı Quba rayonunun Xınalıq kəndinə və ətraf ərazilərə düşüb. APA TV-nin xəbərinə görə, ərazidə bəzi yerlərdə qarın qalınlığı 1 metrə çatır. Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrində qar uçqunu baş verib. Yolun qardan təmizlənməsi üçün əraziyə 6 saylı Quba Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

İlk qar uçqunu yolun 36-cı km-də qeydə alındığından buradan Xınalıq istiqamətində yol bağlıdır. Xınalıq kəndi də daxil olmaqla, Quba rayonunun 7 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun sözlərinə görə, yolun tam açılması 2-3 günə mümkün olacaq.

 

Uzunluğu 57 km olan Quba-İspik-Xınalıq avtomobil yolunda belə qar uçqunu sonuncu dəfə 2008-ci ildə qeydə alınıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan