Manatın devalvasiyasından sonra bazar və supermarketlərdə SON DURUM

Mərkəzi Bankın məlum qərarının ölkədə ciddi bahalaşmaya səbəb olacağı barədə proqnozları özünü doğrultmayıb. Paytaxtın kənd təsərrüfatı məhsulları bazarlarında alıcılar və satıcılar arasında keçirdiyimiz sorğu bunu təsdiqləyir.

Son günlər bahalaşma ilə gəzən söz-söhbətə aydınlıq gətirmək üçün bazarların birinə üz tutmuşuq. Görək bahalaşma söz-söhbətinə satıcılar və alıcılar nə deyir:

“- Salam, xanım. Bahalaşma müşahidə olunurmu?
- Yox, heç bir məhsulda bahalaşma müşahidə olunmur.
- Pomidorun qiyməti neçəyədir?
- İki manata.
- Əvvəl də elə idi?
- Bəli.
- Başqa məhsullarda neçə, bahalaşma varmı?
- Yox, bahalaşmayıb”.

“- Yox necə satırıqsa, yenə həmin qiymətə satırıq. Alver də babatdır”.

“- Bizdə də qiymətlərdə dəyişiklik yoxdur. Meyvələrdə heç bir dəyişiklik yoxdur. Necə satılırdıqsa, yenə həmin köhnə qiymətə satırıq”.

“Qiymətlər normaldır, bahalaşma yoxdur”.

“Tərəvəzlərin qiymətində elə də qalxma yoxdur. Qiymət artımı müşahidə olunmur. Yerli məhsullar qalxmayıb”.

“- Quru meyvələrdə qiymətlər qalxmayıb. Yerli mallardır, qiymətlər qalxmayıb. Biz köhnə qiymətlərlə satırıq. Balqabaqdır, turpdur, qiymətləri qalxmayıb “.

“- Kivi də Lənkəranındır, limon da. Yox, hələlik qiyməti qalxmayıb. 1 manat 60 qəpiyə satmışam, yenə də elə satıram”.

Alıcılar da bazarda bahalaşmanın olmadığını bildirir.

“ - Hələlik yoxdur bahalaşma”.

“- Hələ elə bir dəyişiklik hiss etmirəm”.

“- Toyuq almışam, göyərti almışam, bir də alma almışam. Yox, qiymətlərdə bahalaşma hiss olunmur”.

Son illər supermarketlərdən alış-veriş etmək gündəlik həyat tərzimizə çevrilib. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində dəyişiklik də ilk növbədə böyük supermarketlərdə hiss olunmalıdır. Bu səbəbdən üz tutduq supermarketlərə. “Rahat” marketlər şəbəkəsində qiymətlərin durumu, alıcıların sayında dəyişiklik olub-olmaması ilə maraqlanırıq.

Hal-hazırda “Rahat Market”dəyik. Görək burda qiymətlər necədir?

“- Yox, qızım heç bir fərq hiss eləmədim. Bir həftə də bundan qabaq gəlmişəm. Həmin şokoladları, konfetləri, ərzaqları almışam eyni qiymətə. Bu gündə eşitmişdim qalxıb qiymətlər. Gəldim ki, öz gözümlə görüm. Gəldim, heç bir fərq görmədim”.

“- Hələ hiss eləmirəm. Aldıqlarım şeylər eyni qiymətədir. Hələlik hiss eləmirəm”.

“Rahat Market”in administratoru Məzahir Məcidov bu mağazalar şəbəkəsində qiymətlərin dəyişmədiyini deyir: “Biz “Rahat Market” mağazalar şəbəkəsi olaraq qiymətləri dəyişdirməmişik. Hər şey öz yerindədir, qiymətlər necə vardı, elə də qalıb. Xaricdən gələn malların qiymətlərində də heç bir dəyişiklik yoxdur”. Qiymətlər qalxmayıb, bahalanmayıb”.

“Rahat market”də apardığımız müşahidələr zamanı məhsulların çeşidlərində dəyişiklik olmadığını gördük. Müştərilərin sayında isə artım hiss olunur. Yanlış başa düşməyin, bu, hansısa ajiotajla bağlı deyil, Novruz bayramına hazırlıqlarla əlaqədardır. Axı sabah bayram qabağı ilk çərşənbədir.

Apardığımız müşahidələr göstərir ki, bazarlarda qiymətlər sabitdir, sadə vətəndaşlar dolların bahalaşması ilə bağlı heç bir gərginlik müşahidə etmirlər.
 

Müəllif | Apa.Tv
Apa.tv