Bakıda 69 yaşlı qadın yolun ortasında öldü

Gecə saatlarında paytaxtın Nərimanov rayonu Ağa Neymətulla küçəsində naməlum səbəbdən qadın dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bədbəxt hadisə Nərimanov metrosunun qarşısında baş verib. 69 yaşlı Şərafət Səlimova yolu keçmək istəyərkən səhhətində yaranan problemdən müvazinətini itirərək yerə yıxılıb. Yaxınlıqda olanlar ona kömək etmək istəyiblər. Lakin qadın artıq keçinibmiş. Dərhal əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım çağırılıb. Mərhumun qohumları polislər tərəfindən hadisə yerinə çağırılaraq bədbəxt hadisə barədə məlumatlandırılıb. Meyit müayinə olunması üçün Nərimanov rayon morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv