Mərkəzi Bank 6 bankın 10 valyuta mübadilə şöbəsinin fəaliyyətini dayandırdı

Mərkəzi Bank tərəfindən fevralın 23-də aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarlanıb və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.

 

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır.

 

Son dövrlərdə nağd xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirləri daha da intensivləşdirilib.

Mərkəzi Bank tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcək.

Müəllif | Apa.Tv
Apa.tv