Masallıda torpaq sürüşməsi baş verib

Masallıda torpaq sürüşməsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Xəlifələr kənd sakini Rahib Eyvazova məxsus fərdin evin qarşısındakı həyətyanı sahədə qeydə alınıb. 70-80 metrlik ərazini əhatə edən torpaq qatı təxminən 6-7 metrlik dərinlikdən sürüşərək kənd yolunu tamamilə bağlayıb. Sürüşmə zamanı Rahib Eyvazovun həyətində becərib bəslədiyi 60-dan çox müxtəlif növ sitrus və meyvə ağacı, həmçinin çəpəri torpağın altında qalıb.

 

Hadisədən dərhal sonra Masallı Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndə gələrək, sürüşmə zonasına baxış keçiriblər. İlkin versiya kimi hadisənin son günlər yağan intensiv yağış və qar səbəbindən baş verdiyi qənaətinə gəlinib. Qabaqlayıcı tədbir olaraq ərazi qardan təmizlənib.

 

Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd inzibati ərazi nümayəndəsi Barat Nağıyev ərazidə qabaqlayıcı tədbirlərin davam etdirildiyini, hadisə barədə müvafiq qurumların məlumatlandırıldığını bildirib.

 

Yerli sakinlərin sözlərinə görə, sürüşmə yenidən təkrar olunacağı təqdirdə yaxınlıqdakı evlərin də bundan ziyan çəkmələri qaçılmazdır.

 

Müəllif | Apa.Tv