Nazarbayevin sabiq kürəkəninin həbsxanada meyiti tapıldı

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev intihar edib. APA TV-nin məlumatına görə, Rahat Əliyevin meyiti Avstriyada saxlandığı həbsxanada tapılıb. Reuters agentliyi həbsxanadakı mənbələrə əsasən, prezidentin keçmiş kürəkəninin intihar etdiyini bildirir.

Qeyd edək ki, son illər prezidentin siyasi kursunu kəskin tənqid edən Rahat Əliyev 2014-cü ilin iyununda Vyanada həbs olunub. Qazaxıstanda o, məhkəmənin şifahi hökmü ilə hakimiyyəti ələ keçirmək və adam oğurluğu maddələri ilə 40 il müddətinə azadlıqdan məhrum edilib. Rahat Əliyev bir neçə sifarişli qətlin təşkilində də ittiham olunurdu. Ötən il dekabrın 30-da Vyana prokurorluğu Rahat Əliyevə qarşı iki bank rəhbərinin qətlini sifariş etməklə bağlı rəsmi ittiham irəli sürüb.

Nazarbayevin sabiq kürəkəni müxtəlif illərdə Qazaxıstanın Avstriyada səfiri, ölkənin ATƏT-də daimi nümayəndəliyinin rəhbəri, Prezidentin Mühafizə Xidmətinin rəis müavini, Milli Olimpiya Komitəsinin sədri, xarici işlər nazirinin birinci müavini vəzifələrində çalışıb.

 

Müəllif | Apa.Tv
Apa.tv