Ukraynada qızğın döyüşlər: “atəşkəs” rejimi davam edir

Ukraynanın şərqində separatçılar Şirokino qəsəbəsini atəş altında saxlayır. APA TV-nin məlumatına görə, silahlılar Mariupol istiqamətində ağır texnikadan istifadə etməklə iki dəfə Ukrayna hərbçilərinin mövqelərini ələ keçirməyə cəhd ediblər. Bundan əlavə separatçılar Oktyabr və Zaiçenko yaşayış məntəqələrini artilleriya atəşinə məruz qoyublar. Novoazovsk istiqamətində isə onlar zirehli texnikanın köməyi ilə hücuma keçiblər. Ukrayna hərbçilərinin Debaltsevonu tərk etdikdən sonra hökumət qüvvələrinin qəsəbəyə yaxın ərazidə möhkəmləndiyi mövqelərə də hücumlar təşkil olunub. Separatçılar həmin nöqtələri minaatanlardan atəşə tutublar. Avdeyevkada yerləşən kimya zavodu da separatçıların hədəfindədir. Avdeyevkaya yaxın olan və separatçıların nəzarətində olan ərazilərdə tanklar da daxil olmaqla 35 zirehli texnikanın saxlandığı, onlara artilleriya qruplarının da qoşulacağı barədə xəbərlər də var.

 

Separatçılar Ukrayna tərəfinin bu iddialarının doğru olmadığını, əksinə, ağır texnikanı bölgədən geri çəkməyə başladıqlarını bildirirlər. Bu barədə separatçıların nümayəndəsi Eduard Basurin məlumat verib. O, qeyd edib ki, proses iki həftə ərazidə yekunlaşacaq. Basurin hərbi texnikanın ilk olaraq Debaltsevo, Qorlovka və Donetskin cənub ərazilərindən çıxarılacağını bildirib.

 

Bu arada Rusiya, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirləri  Ukraynadakı vəziyyəti müzakirə etmək üçün yenidən Parisdə toplaşıblar. Ukraynanın xarici işlər naziri Pavel Klimkinin ölkəyə BMT sülhməramlılarının göndərilməsi məsələ qaldıracağı gözlənilir.
 

Müəllif | Apa.Tv
Apa.tv