Sosial yardımların təyinatının avtomatlaşdırılmasına keçid üçün texniki hazırlığa başlanılıb

"Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanı ünvanlı dövlət sosial yardımlarının təyinatı prosesinin tam avtomatlaşdırılması üçün texniki infrastrukturun hazırlanmasını təmin edəcək".

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fərmanın icrası məsələləri ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, ölkəmizdə sosial rifahın yüksəlməsi və sosial yardımların təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinə əməl olunmasına nəzarətin gücləndirilməsi ünvanlı dövlət sosial yardımı təyin olunanların sayının mütəmadi olaraq azalmasına səbəb olub. Ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında respublikada ünvanlı yardım alan ailələrin sayı 38675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azalaraq, 107761 ailə (470237 nəfər ailə üzvü) təşkil edib. Bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləğinin isə 10,3 faiz artaraq 31,83 manata yüksəlməsi ilə müşayiət olunub: “Fərmana əsasən, Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq. Bu sistemin işə salınması üçün ƏƏSMN beş ay müddətində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı  elektron formada müraciət etmək imkanı yaradacaq. Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün rayon və şəhərlərin poçt şöbələrində quraşdırılacaq və onlar “Elektron hökumət” portalına qoşulacaq. Vətəndaşlar yerli poçt şöbələri tərəfindən pulsuz olaraq onlara verilən və yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər”.

 

Nazir bildirib ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Vətəndaşların ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətləri qəbul olunduqdan sonra rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) onlara verilən tapşırıq əsasında həmin insanların ailələrinin maddi-məişət şəraitinin müayinəsini aparacaq. Bundan sonra sosial yardımın həmin şəxsə təyin edilib-edilməməsi bağlı elektron və ya mobil sms vasitəsi ilə vətəndaşa bildiriləcək.

 

Müəllif | Apa.Tv