Manatın ucuzlaşması Milli Məclisdə müzakirə olunub

Parlamentin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri Mərkəzi Bankın manatla bağlı verdiyi son qərarı müzakirə ediblər. APA TV-nin xəbərinə görə, deputatlar Milli Məclisin müvafiq komitəsində müzakirələr aparmağın vacib olduğunu da bildiriblər. Spiker Oqtay Əsədov deyib ki, əhalinin banklardakı vəsaitinə ziyan dəyməsi barədə deyilənlər yalandır: “Son bir-iki ay ərzində banklar tərəfindən vətəndaşların həmin pulları dəyişdirilib. Mərkəzi Bank manatın devalvasiyasının qarşısının alınması üçün addımlar atıb, bundan sonra da atacaq. Dünyada ciddi proseslər gedir, bilmək olmur ki, sabah nə baş verəcək. Həmçinin nəzərə alsaq  ki, Azərbaycan müharibə vəziyyətindədir, bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o da doğrudur ki, bəzi mağaza, supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışır. Bu, yolverilməzdir. Çünki satılan məhsulların 70 faizi ölkədə istehsal olunur. Həm də mağazalarda satılan mallar manatın devalvasiyasından öncə gətirilib, qiymətləri niyə qaldırırlar?”

 

Deputat Siyavuş Novruzov isə deputat həmkarlarını populizmdə qınayıb: “Bu məsələdə populizmə ehtiyac yoxdur. Hökumət özü mart ayında hesabatında bu məsələyə bir daha aydınlıq gətirəcək”.

 

MM-in İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, milli valyutanın məzənnəsinin dəyişdirilməsi təbii prosesdir: “Dünyada müəyyən proseslər baş verir, xüsusən də neftin qiymətin düşür. Mərkəzi Bank hər il 2 və 2,5 milyard dollar intervensiya edirdi. Ekspertlər haqlı olaraq deyirdilər ki, bu, uzun müddət davam edə bilməz, valyuta ehtiyatları tükənə bilər. Mərkəzi Bankın intervensiya etdiyi həcm Ermənistanın büdcəsinə bərabərdir. Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib. Bu, düzgün pul kredit siyasəti nəticəsində olub. İstəməzdim ki, indi bu siyasətə kölgə düşsün. Çünki Mərkəzi Bankın intervensiyası 10 il ərzində Azərbaycan iqtisadiyyatının inkişafına sosial inkişafda dinamizmin artmasına səbəb olub”.

 

İclasda digər cari məsələlər də müzakirə olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı