Teleradio sahəsində qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb

Azərbaycanda teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, o cümlədən teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar sərtləşdirilib. APA TV-nin xəbərinə görə, Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2 maddələrinə dəyişiklik təklifi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, təklif olunan dəyişikliyə əsasən göstərilən cəzalar vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər tətbiq edilir. Hər iki maddənin hazırkı sanksiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün isə 1000 manatdan 2000 manata qədərdir.

 

Digər bir dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.
 

İclasda Mülki Məcəlləyə əlavələr müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, layihədə sənədsiz evlərin sənədləşməsi qaydaları göstərilib. Plenar iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” qanununa təklif edilən dəyişiklər layihəsi də müzakirəyə çıxarılıb.

 

Layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Layihəyə əsasən Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

  

Layihələr səsə qoyularaq qəbul olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı