Samuxda mühafizəçi özünü yaralayıb
Samuxda mühafizəçi ehtiyatsızlıqdan özünə silahla xəsarət yetirib. Samux rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosunun verilən məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində yerləşən 500 kilovatlıq yarımstansiyada baş verib. Stansiyada mühafizəçi işləyən 51 yaşlı Məhərrəm Məmmədov iş otağında silahla ehtiyatsız davranaraq özünə xəsarət yetirib. Qarın boşluğundan yaralanan mühafizəçi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat edilən Məhərrəm Məmmədovun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.