Bakıda "Mercedes"lə "Toyota" toqquşub
Bakıda sürücülər arasındakı anlaşılmazlıq yolayrıcında qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib. "Toyota Prado" markalı avtomobil Koroğlu Rəhimov küçəsindən Həsən Əliyev küçəsinə dönərkən qarşıdan gələn və hərəkət üstünlüyünə malik olan "Mercedes" markalı avtomaşına yol verməyib. Nəticədə "Mercedes" "Toyota"ya çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerini müayinə ediblər. Qəzanın dəqiq səbəbi araşdırmalardan və yolayrıcındakı təhlükəsizlik kamerasının görüntülərinə baxış keçirildikdən sonra veriləcək.
İlkin ehtimala görə, qəzaya yol hərəkəti qaydalarının pozulması və yüksək sürət səbəb olub. Belə ki, "Toyota Prado" Həsən Əliyev küçəsinə dönərkən yol hərəkəti qaydasını pozub, Koroğlu Rəhimov küçəsi ilə hərəkət edən "Mercedes"in sürəti yüksək olduğundan, sürücü idarətməni itirib. Bundan başqa, "Toyota"nın sürücüsü yol polisi əməkdaşlarına bildirib ki, "Mercedes"in üzaqvuran işıqlarla hərəkət etməsi onun yolu normal görməsinə mane olub.