Milanda Xocalı soyqırımının ildönümünə həsr olunmuş sərgi keçirilib
Milan şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş sərgi keçirilib. “APA-Holdinq”in Milana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təşkil olunmuş sərginin açılış mərasimində Şuranın sədri Azay Quliyev, millət vəkilləri Bəxtiyar Əliyev və Azər Kərimli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azay Quliyev qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan hökuməti münaqişənin ağır nəticələrini yaşayan insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də, onların ən böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır.
Millət vəkili Bəxtiyar Əliyev isə çıxışında qeyd edib ki, o, hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində doğulub böyüyüb. Deputat işğalla bağlı ağrıları özünün də yaşadığını qeyd edib və bildirib ki, buna baxmayaraq, bütün Azərbaycan vətəndaşları aqressiyaya qarşıdır.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli isə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Hər iki ölkənin həm dövlət rəsmiləri, həm də parlamentləri səviyyəsində qarşılıqlı əlaqələrin inkişaf etdiyini deyən A. Kərimli İtaliya Senatında Dağlıq Qarabağ problemi ilə bağlı dinləmələr keçirildiyini də xatırladıb.
“APA Holdunq”in rəhbəri Vüsalə Mahirqızı isə azərbaycanlı girovların danışıqları əsasında şirkətin dəstəyi ilə hazırlanmış “Cəhənnəmdə böyük çığırtı” kitabı barədə məlumat verib.
V. Mahirqızı qeyd edib ki, bu kitabda diqqət yetirilməli olan əsas məqam burda dramı yazılanların hamısının mülki şəxslər olmasıdır. SİTAT: “Onlar döyüşmürdülər, evlərindəydilər və gündəlik qayğıları ilə məşğul olurdular, köməksiz idilər. Bizim qəhrəmanlardan birinin girov götürüləndə cəmi 14 yaşı olub, o girovluqda, işgəncələr altında böyüyüb. Onlarla çox aqressiv, insanlığa sığmayacaq formada davranıldı. Biz bu kitabı hazırlamaqla təkcə ermənilərin azərbaycanlılara qarşı necə aqressiv davrandıqlarını göstərmək istəməmişik. Biz həm də o suala cavab axtarmışıq ki, XX əsrin insanı öz həmcinsinə qarşı necə bu qədər aqressiv, nifrətlə yüklənmiş ola bilər? Onu hansı cəmiyyət, hansı təhsil sistemi, hansı ailə mühiti belə yetişdirib?”
Milan İncəsənət Akademiyasının müəllimi, rejissor və operator Françesko Fei Azərbaycanda olduğunu deyib və tədbirə toplaşan həmyerlilərinə çağırış edib: “Azərbaycan tolerantlığın, dini və irqi dözümlülüyün simvoludur. Mən Bakıda oldum, bura bir müsəlman ölkəsinin paytaxtı idi. Orda İslam var, amma bu, azad İslamdı. Orda adamlar azad düşünür, bu cəmiyyət çox tolerantdır və başqa millətlərə, xalqlara qarşı dözümlü, hətta sevgi dolu bir münasibət var”.
Sərgidə Xocalıda soyqırımı törədildiyini isbatlayan fotolar, videogörüntülər nümayiş olunub.