Rüstəm Usubov: "1988-ci ildə Sumqayıt hadisələrinin istintaqı qərəzli aparılıb"

"1988-ci ildə Sumqayıtda törədilən hadisələrin istintaqı qərəzli və siyasi sifariş əsasında aparılıb, əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıblar".

 

APA TV-nin xəbərinə görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Dövlət İdarəçilik Akademiyasında keçirilən "Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabının təqdimatı zamanı deyib. Onun sözlərinə görə, Sumqayıt hadisələri ilə bağlı MTN, Baş Prokurorluq tərəfindən birgə istintaq qrupu yaradılıb.

 

Kitabın müəllifi İbrahim Məmmədov isə bildirib ki, kitabda SSRİ və Azərbaycan SSR Prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və şahidlərin ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunub. Kitab artıq Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərinə tərcümə olunaraq nəşr edilib.

 

Kitabın elmi redaktoru akademik Ramiz Mehdiyev, müəllifi jurnalist, Azərbaycan Dövlət Televiziyasının sədr müavini İbrahim Məmmədovdur.

 

Müəllif | Apa.Tv