Nazir müavini: "Avropa İttifaqının münaqişənin həllində zəif iştirakı narahatlıq yaradır"

“Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakının zəifliyi Azərbaycanda narahatlıq yaradır”. 

 

APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviyanın Aİ Şurasına sədrliyi ilə bağlı Bakıda keçirilən tədbirdə deyib. Nazir müavini bildirib ki, “Şərq tərəfdaşlığı” ölkələri olan Azərbaycan, Moldova, Gürcüstan və Ukraynada münaqişələr mövcuddur: “Avropa İttifaqı tərəfindən münaqişələrə selektiv yanaşma var. Biz münaqişələrə fərqli münasibət görürük. Avropa İttifaqı münaqişələrin həllini dəstəkləməli, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər çərçivəsində münaqişənin həllinə töhfə verməlidir. Biz bir neçə dəfə bu məsələni qaldırmışıq və gözləyirik, amma heç bir nəticə yoxdur. Əgər Ermənistan-Azərbaycan münaqişəsi dərin araşdırılsaydı və məsələ Avropa İttifaqının maraq dairəsində olsaydı, biz bu gün böyük ehtimalla Ukraynadakı münaqişəyə də şahidlik etməyəcəkdik”.

 

Mahmud Məmmədquliyev Krım məsələsində dərhal sanksiya tətbiq olunduğunu xatırladıb, əlavə edib ki, Qarabağda isə bir sıra layihələr irəli sürülür və Aİ buna təşəbbüs göstərir. Azərbaycan ərazisindəki separatçı rejimə dəstək verilir. Ermənistana qarşı müəyyən təzyiqlər göstərilməlidir ki, bu ölkə işğal olunmuş torpaqları azad etsin.

 

Nazir müavini bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa söykənəcək hüquqi sənədin hazırlanmasının vaxtıdır. Azərbaycan buna hazırdır və sənəd yekunlaşma mərhələsindədir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı