Mövlud Çavuşoğlu: "Ermənistan səmimiyyət testindən keçə bilmədi"
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. APA TV-nin məlumatına görə, Elmar Məmmədyarov jurnalistlərə bildirib ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair durumu, regiondakı vəziyyəti və enerji əməkdaşlığı məsələlərini müzakirə ediblər. Azərbaycan-Türkiyə-Qazaxıstan formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi istiqamətində iş aparıldığını diqqətə çatdıran Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərinə də toxunub. Nazir bildirib ki, həmsədrlər münaqişənin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər: “Azərbaycan məcburi köçkünlərin qayıdışı zamanı görüləcək işlərlə bağlı Dünya Bankı ilə birgə layihə hazırlayıb. Ancaq Ermənistanla da bu məsələləri danışmalıyıq. İlk növbədə Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Ona görə də atəşkəsin pozulması hallarından danışarkən həmsədrlərdən tələb edirik ki, söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getməlidir. BMT, ATƏT və digər beynəlxalq qurumların bu barədə qətnamələri, qərarları var. Bəzi qətnamələr, qərarlar qəbul olunmamış icra olunur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təəssüf ki, biz bunu görmürük”.
Mövlud Çavuşoğlu isə bildirib ki, Azərbaycan və Türkiyə əməkdaşlığını davam etdirməyə və birgə layihələri həyata keçirməyə hazırdır. Mövlud Çavuşoğlu Bakıya rəsmi səfərinin matəm günü - Xocalı faciəsinin ildönümü ilə üst-üstə düşməsinə diqqət çəkib. Türkiyəli nazir deyib ki, rəsmi Ankara Azərbaycanın Xocalı soyqırımını bütün dünyada qəbul olunması ilə bağlı səylərini dəstəkləyir: "Ermənistan səmimiyyət testindən keçə bilmədi, buna görə də protokolların parlamentdən geri qaytarılması heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan və Türkiyə Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanına çevrilməsini istəyir. Ancaq Ermənistan fərqli niyyətdədir. Ermənistan xətalarından dönərsə, Azərbaycanın işğal etdiyi torpaqlardan çıxarsa, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa, Cənubi Qafqaz bütünlükdə sülh və təhlükəsizlik məkanına çevrilər”.
O bildirib ki, Azərbaycanın G-20 sammitinə qatılması Türkiyəyə güc verəcək.