FHN-nin Akademiyasında “Xocalıya ədalət!” mövzusunda tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Xocalıya ədalət!” mövzusunda tədbir keçirilib. APA TV-nin məlumatına görə, FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov bildirib ki, Xocalı soyqırımı əsrlər boyu ermənilərin azərbaycanlılara qarşı düşünülmüş işğalçılıq siyasəti nəticəsində baş verib.
“Xocalı strateji bir nöqtədə yerləşirdi. Heç təsadüfi deyil ki, Dağlıq Qarabağda yeganə hava limanı məhz Xocalıda idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər 366-cı motoatıcı alayın birbaşa iştirakı ilə azərbaycanlılara qarşı soyqırımı cinayəti törədiblər. Xocalıdakı mühüm tarixi abidələr tamamilə məhv edilib. Xocalı soyqırımı ermənilərin əsrlərdir azərbaycanlılara qarşı yürütdükləri siyasətin tərkib hissəsidir. Biz Xocalısoyqırımını və bu kimi başımıza gətirilən digər faciələri qətiyyən unutmamalıyıq. Bu gün prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasətin nəticəsində dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini tanıyır" deyən Pənah Süleymanov əlavə edib ki, sabah akademiyada birinci dərslərin hamısı Xocalıya həsr olunacaq.
FHN Akademiyasının rəis müavini Cabir Həsənov artıq 11 ölkənin Xocalısoyqırımını tanıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov da tarix boyu ermənilərin Azərbaycana qarşı apardığı işğalçılıq siyasət barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Məhv edilmiş şəhər, Xocalı” filmi nümayiş olunub.