Respublika Əlillərin Bərpası Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək
Yaxın vaxtlarda Respublika Əlillərin Bərpası Mərkəzində əsaslı təmir işləri başa çatdırılıb əlillərin istifadəsinə veriləcək.
APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
Nazir müavini deyib ki, vətəndaş-məmur münasibətlərinin daha yaxşı tənzimlənməsi üçün elektron xidmətlər genişləndirilir.
Onun sözlərinə görə, əlillərə göstərilən xidmətin daha da yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir və Avropa ölkələrinin təcrübəsi öyrənilir: "Elə xəstəliklər var ki, bu barədə qərar 1997-ci ildə qəbul olunub. Ancaq indi ölkədə həmin xəstəliyin müalicəsi mümkündür. Bu səbəbdən də həmin nizamnamə ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcəyik ki, bir sıra əlavə və dəyişikliklər aparılsın".
Nazir müavini bildirib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu uğrunda sağlamlığını itirmiş insanlara, şəhid ailələrinə, Əfqanıstan Müharibəsi veteranlarına verilən sosial müavinətlərlə bağlı işlər aparılır.