Elman Mehdiyev: "Novruz bayramınadək mart ayının pensiyaları veriləcək"
"Yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi qrafikdən əvvəl yekunlaşıb".
APA TV-nin məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib: "Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq".
Fond sədri əlavə edib ki, məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı təsiri olsa, istehlak qiymətləri indeksinin hər hansı dəyişməsi halı müşahidə olunsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu, aradan qaldırılacaq: "Bilirsiniz ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir. Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir. Prezident tərəfindən hər il bu barədə qərar qəbul olunur. DSMF isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır. Cari ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesini, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparmışıq".
Elman Mehdiyev deyib ki, bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən asılı olmayaraq, pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərdən qorunmasını ifadə edir.