Ziyafət Əsgərov: "Həmsədr ölkələr Ermənistana təzyiq göstərməlidir"

"Ermənistan son günlər cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozmaqla, insident yaratmaqla, əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin 1-ci vitse-spikeri Zifayət Əsgərov bildirib: "Ermənistan hazırda müharibə etmək gücündə deyil. Sadəcə insidentlər yaratmaqla, öz xalqının diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir. Bəli, bu həqiqətdir ki, son vaxtlar cəbhə xəttində insidentlər, gərginlik artıb, nəticədə itkilər olub. Amma yəqin ki, tezliklə bunun bəlli bir nəticəsi olacaq. Nəticəsi də o olacaq ki, çanaq Ermənistanın başında çatlayacaq".

 

Azərbaycanın Ermənistanın şıltaqlığına dözməyəcəyini deyən Ziyafət Əsgərov bildirib ki, əks halda "Xocalı" abidəsi bizi bağışlamaz. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında təkbətək keçirilən bütün görüşlərdə Ermənistandan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb olunsa də, Ermənistan bunu etmir: “Minsk qrupunun həmsədrləri də Ermənistana təzyiq göstərmirlər. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədri olan hər üç dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar Ermənistana təzyiq etməlidir. Ancaq vasitəçilər bölgəyə turist kimi səfər etməklə kifayətlənirlər. Problem də bundadır. Azərbaycan prezidenti dəfələrlə münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib. Ancaq xalqın da səbrinin həddi var. Ermənistan danışıqları imitasiya edir. Bu imitasiyaya son qoyulmalıdır”.

 

Ziyafət Əsgərov xatırladıb ki, ABŞ və Avropa Ukraynadakı separatçılara sanksiyalar tətbiq etdiyi halda Dağlıq Qarabağdakı erməni separatçılarına belə sanksiyalar tətbiq olunmayıb, əksinə ABŞ Dağlıq Qarabağdakı erməni separatçılara yardım göstərib, o yardımlar da silahlanmaya yönəldilir. Bu ikili standartlar aradan götürülməlidir. Azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına qiymət verilməsə, bu cinayətlər gələcəkdə daha da arta bilər.

 

Müəllif | Apa.Tv