Xocalı sakini: "Atamı, anamı, bacımı bir gecədə itirdim..." - REPORTAJ
O zaman 8 yaşı vardı Xatirənin. Uşaqlığından qalan tək görüntü hərbi hospitalda çəkilən bir ağ-qara şəkildir. Deyir o, gözünü açanda harada olduğunu, başının üzərində durub saçlarına sığal çəkən bu insanların kimliyini anlamadan bədənindəki ağrıları azaltmaq üçün o insanlara sığınırdı. Çünki başını qolları arasına qoyacaq doğma kimisə qalmamışdı: atasını, anasını, bacısını qarlı, ölüm dolu Xocalı meşəsində qoyub gəlmişdi. Yox, özü deyil, onu bura dayısı gətirmişdi. Aldığı güllə yaraları ilə birlikdə. İndi o yaradan 23 il ötür və balaca Xatirənin gözləri hələ də yollarda qalıb: "On dörd yaşıma kimi inanırdım ki, bir gün atam gələcək. Ona kimi onların öldüyünü dərk edə bilmirdim. Amma bir gün televiziyada Xocalıda öldürülən insanların içərisində atamı görəndə onun öldüyünə inandım".
Bu güllə yağışının altında onlar meşədə bir-bir əzizlərinin ölümlərini görə-görə sonda iki uşaqla gəlib milli ordunun əsgərlərinin yanına çıxa biliblər. Onlar kimi yüzlərlə Xocalı sakini o gecə dəhşətləri gözləri ilə görüb: "Mən o zaman 6 gün mühasirədə qaldım. O zaman 18 yaşım vardı. Anam şəhid oldu. İndi də insan o gecəni xatırlayanda ürəyi əsir".
İndi hər ilin bu günü xocalıların birləşdirən bir məkan var. "Xocalı" abidəsinin önü. Hər il olduğu kimi bu il də səhər saatlarından abidəni ziyarətə gələn insan axını burada şəhidləri yad edir, onların ruhuna dualar oxuyurlar.
Həmin gecə bir döyüşçü, eyni zamanda jurnalist kimi vətəninə, millətinə xidmət edən Əlövsət Qasımov da Xocalı faciəsini qurbanlarını yad etməyə gəlib. Amma vaxtilə Xocalıda və Ağdamda lentə köçürdüyü qanlı, dəhşət saçan fotolarla...
Bakıda olan əcnəbilər də abidəni ziyarət ediblər. Onlardan biri olan afrikalı Barnt gördüklərindən dəhşətə gəlib: "Bu, qətliamdır, dəhşətdir. Mən bura gələndə belə bir soyqırımının olduğunu bilmirdim. Gördüm, hər kəs bura gəlir və mən də o insanlara qoşuldum. Qarşılaşdığım mənzərə məni şoka saldı. Bu şəkillər gerçəkdir. Mən gəzdiyim bütün ölkələrdə bu barədə danışacam. Buna əmin olun ki, insanların faciəsini mənim dilimdən tanıdığım hər kəs biləcək".
Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, saat 17:00-da Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Bakı buxtasında gəmilər, metro və yerüstü qatarlar fit verib.