Avropa Oyunlara qatılacaq heyətlərin maliyyələşdirilməsinə dair rəsmi açıqlama yayılıb

Avropa Olimpiya Komitəsi (AOK) və "Bakı 2015" Təşkilat Komitəsi Azərbaycan tərəfinin oyunlarda iştirak edəcək Milli Olimpiya Komitələrini maliyyələşdirməsinə dair yayılan xəbərlərlə bağlı birgə açıqlama yayıb. APA TV-nin məlumatına görə, açıqlamada deyilir ki, Olimpiya və Qış Olimpiya Oyunlarında və bu miqyaslı digər qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda Azərbaycanda ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli hissələrdən birini təşkil edib. Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən "Bakı 2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub.

 

İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən, hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir.

 

Açıqlamada o da qeyd olunur ki, Avropa Oyunlarından sonra Avropa Olimpiya Komitəsi (AOK) rəhbər qurum olaraq Oyunların gəlirlərindən əldə edilən 2.5 milyon avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada Oyunların proqramına daxil edilmiş bütün idman növləri üzrə Avropa Milli Olimpiya Komitələri və Avropa Federasiyaları arasında bölüşdürəcək: "İdmançılar istənilən böyük idman yarışının əsasını təşkil edirlər. Bu məqsədlə, yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədə uyğundur".

 

Müəllif | Apa.Tv