İŞİD-dən daha bir vəhşilik: yaşı minlərlə ölçülən abidələr məhv edildi
İŞİD terror təşkilatının üzvləri İraqın şimalında Assuriya dövrünün qiymətsiz heykəltəraşlıq nümunələrini məhv ediblər. APA TV-nin xəbərinə görə, ötən ilin iyununda terrorçuların əlinə keçən Mosul şəhərindəki muzeydə olan abidələrdən bir çoxu eramızdan əvvəl VII əsrə aiddir.
Terrorçulardan biri muzeyin dağıdılması görüntülərini internetdə yerləşdirib. Videodan görünür ki, İŞİD üzvləri abidələri gürzlə məhv edirlər. Terrorçuların nümayəndəsi vəhşiliyi onunla əsaslandırır ki, abidələr büdpərəstliyə aiddir. O bəyan edir ki, belə ənənələrdən xilas olmaq lazımdır.
Qeyd edək ki, bundan əvvəl İŞİD üzvləri Mosulun mərkəzi kitabxanasını partlatmış, 8000-dən 10 000-ədək kitabı məhv etmişdilər. Onlar kitabxananın həyətində İraqın mədəni irsinin bir hissəsini əhatə edən kitab və əlyazmalardan tonqal qalamışdılar.