Vergi borcunu ödəməyən Robert de Niro evini itirə bilər

Məşhur Hollivud ulduzu Robert de Niro vergi borcuna görə Nyu-Yorkdakı evini itirə bilər. APA TV-nin məlumatına görə, aktyor 6,4 milyon dollarlıq vergi borcunu ödəməkdən boyun qaçırmaqda ittiham olunur. ABŞ-ın vergi xidməti ikiqat "Oskar" laureatına xəbərdarlıq edib ki, borc ödənilməsə, onun Nyu-Yorkdakı mənzillərindən biri üzərinə həbs qoyulayacaq.

 

71 yaşlı aktyorun nümayəndəsi isə bəyan edib ki, Robert de Niro borcunu fevralın 26-da ödəyib. Onun sözlərinə görə, federal xidmətin əməkdaşları xəbərdarlıq məktubunu aktyorun bir müddətdir, yaşamadığı köhnə ünvana yollayıblar. Aktyorun mətbuat katibi Sten Rozenfeld deyib ki, Robert de Niro borclu olduğunu öyrəndikdən dərhal sonra qəbzi göndərib.

 

Amma vergi xidməti aktyorun borcunu ödədiyini təsdiqləməyib.

 

Qeyd edək ki, Robert de Nironun sərvəti 200 milyon dollar qiymətləndirilir. Aktyor "Tribeca Productions" media şirkətinin, Tribeca kinofestivalının yaradıcılarından biri, restoranlar şəbəkəsinin şərikidir. Onun Nyu-Yorkla yanaşı, Los-Anceles və Londonda da daşınmaz əmlakı var.

 

Müəllif | Apa.Tv