Ukraynada təhlükəli "səssizlik": Mariupol uğrunda döyüşlər başlaya bilər
Ukraynanın şərqində qarşıdurma tərəfləri ağır texnikanı münaqişə bölgəsindən ATƏT nümayəndələri və jurnalistlərin nəzarəti altında çıxarmağa başlayıblar. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumat görə, ATƏT nümayəndələri tərəflərin bu prosesi bütün ərazilərdə aparmadığından və onların ağır artilleriyanın əvvəlki mövqelərinə qaytarılacağını istisna etmədiklərindən narazıdırlar. Hazırda Luqansk, Donetsk və Debaltsevo istiqamətində atəş səsləri demək olar ki, eşidilmir. Döyüşlərin Mariupol istiqamətində davam edəcəyindən ehtiyat edilir. Mariupola yaxın Şirokino qəsəbəsi ətrafında qarşılıqlı hücumlara cəhd edilir. Şirokinonun daim atəş altında saxlandığı bildirilir. Bununla bağlı tərəflər biri-birini ittiham edir və ərazidən hərbi texnikanın çıxarılması ilə bağlı qarşılıqlı açıqlamalar gözləyirlər. Buna görə də münaqişə bölgəsində gərginliyin yenidən başlanacağı təhlükəsi qalır.