Mart ayında hava necə olacaq? - PROQNOZ

Azərbaycan ərazisində mart ayında orta aylıq temperatur iqlim normasına yaxın olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunur. Ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.
 

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 20-27 mm) olacaq.
 

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 mm) olacaq.
 

Orta aylıq temperaturun Yuxarı Qarabağda, Daşkəsən və Gədəbəy rayonlarında 0-4 dərəcə isti, Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 5-7 dərəcə isti, Böyük Qafqaz ərazisindəki rayonlarında 2-6 dərəcə isti, Mərkəzi Aran rayonlarında 6-8 dərəcə isti, Cənub rayonlarında 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 

Müəllif | Apa.Tv
Apa.tv