Sergey Lavrov: "ABŞ-ın planı baş tutmadı"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ufada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində təşkilatın genişlənəcəyinə ümidvar olduğunu deyib. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Lavrov təşkilata üzv olmaq üçün bir neçə ölkənin, o cümlədən Hindistan, Pakistan və İran artıq müraciət etdiyini xatırladıb. "Biz Ufa sammitinə hazırlaşırıq. Sammitdə gələcək əməkdaşlığın dərinləşdirilməsi, təşkilat çərçivəsində nəzərdə tutulan layihələrin həyata keçirilməsinin konkretləşdirilməsi və tezləşdirilməsi məsələləri müzakirə olunacaq. Düşünürəm ki, biz Ufada bəzi siyasi məsələlər barədə də qəti qərar verəcəyik. Bizim çinli tərəfdaşlarımızla bu barədə razılığımız var, ümid edirəm ki, digər üzvlərlə də bu barədə anlaşma əldə edəcəyik". Bu arada Lavrov Qərbin anti-Rusiya siyasətini tənqid edib. Rusiyalı diplomat bildirib ki, ABŞ-ın Rusiyaya qarşı koalisiya qurmaq cəhdləri alınmayıb. "Bunun üçün genişmiqyaslı kampaniyaya start verildi, amma Vaşinqtonun qlobal anti-Rusiya koalisiyası yaratmaq niyyəti puça çıxdı. Dünyanın bir çox dövlətlərinə bununla bağlı edilən təzyiqlər nəticə vermədi. Biz Avropa ölkələri də daxil olmaqla dünyanın bir çox dövləti ilə qarşılıqlı əməkdaşlığımızı davam etdiririk" deyə Lavrov əlavə edib.