Azərbaycan XİN: Həmsədr ölkələr Ermənistana sanksiyalar məsələsini nəzərdən keçirməlidir

“Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində keçirilən qondarma “məhkəmə”nin heç bir hüquqi əsası yoxdur”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, həmin şəxslər Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülüblər. ATƏT-in Minsk Qrupu ölkələri girovların azad edilməsi ilə bağlı çağırış edib. XİN rəsmisi əlavə edib ki, münaqişənin həllində iştirakının vacibliyi səslənən Almaniya və Türkiyə də ATƏT-in Minsk qrupunun üzvüdür: "Almaniya və Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi olması hələlik gündəlikdə deyil. Həmsədr ölkələrdən isə gözləntimiz odur ki, Ermənistanın destruktiv, danışıqlar prosesinə xələl gətirmək siyasətini nəzərə alaraq, bu ölkəyə fərqli münasibət sərgiləsin, məcburedici tədbirlər, o cümlədən sanksiyaların tətbiq olunması nəzərdən keçirsin”.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı açıqlandıqdan bu günədək 10 nəfərin adı siyahıdan çıxarılıb. Hazırda siyahıda 435 nəfərin adı var. Siyahının  bu il fevralın 20-də yeniləndiyini deyən Hikmət Hacıyev bilirib ki, bu siyahıdan sonra Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş xarici vətəndaşların sayında azalma tendensiyası müşahidə edilir.

 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Franua Ollandın təşəbbüsü ilə Parisdə keçirilən görüşdə əsir və girovların mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər: “Bu təklif Azərbaycan tərəfindən müsbət qarşılanıb, bu sahədə əməkdaşlığa hazır olduğumuz bildirmişik. Azərbaycandan 4 mindən çox şəxs əsir və itkin düşmüş hesab olunur. Onların taleyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan humanizm nöqteyi-nəzərdən çıxış edərək bu şəxslərin həyatına aydınlıq gətirməlidir. Ermənistan təəssüf ki, bu sahədə də qeyi-konstruktivlik nümayiş edir. Araşdırmalar göstərir, azərbaycanlılar kütləvi şəkildə qətlə yetiriliblər və kütləvi məzarlıqlar mövcuddur. Onların DNT analizi keçirilməlidir. Azərbaycanda ailələr var ki övladlarının, yaxınlarının taleyi barədə məlumat gözləyir. Təəssüf ki, Ermənistan bu məsələdə də destruktivlik nümayiş etdirir”.

 

Azərbaycan Xarici İşlər Nazirliyi işğal altındakı Dağlıq Qarabağda 3 may 2015-ci il tarixində separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılan “parlament seçkiləri” ilə bağlı da bəyanat yayıb. Bəyanatda Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğu bir daha vurğulanır.

 

Müəllif | Apa.Tv