Aydın Əliyev: "Manatın devalvasiyası gömrük rüsumlarına təsir etməyəcək"
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İmişlidə vətəndaşları qəbul edib.
APA TV-nin Mil-Mil muğan bürosunun məlumatına görə, İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İmişli, Beyləqan, Füzuli, Ağcabədi rayonlarından olan sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxalı, ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub. Səyyar qəbul zamanı komitə sədri qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Aydın Əliyev manatın devalvasiyasından sonra gömrük rüsumlarında artım olmayacağını deyib: "Gömrük rüsumları əvvəldən də valyuta ilə hesablanırdı. Aksiz dərəcələr ilə bağlı olan məsələlərə növbəti ilin büdcəsi müzakirə olunarkən baxılır".