Hövsanda qalmaqal baş verən məktəbin direktoru haqqında qərar verildi
Bu ilin yanvarında Hövsandakı 118 nömrəli orta məktəbdə baş vermiş hadisə ilə bağlı aparılan araşdırma başa çatıb. Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma Təhsil Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən aparılıb. Araşdırma dövründə məktəbin direktoru Qardaşxan Səlimov Təhsil Nazirliyi tərəfindən vəzifəsinin icrasından kənarlaşdırılıb və təhsil müəssisəsinin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə edilib.
Müəyyən edilib ki, məktəbdəki tədris prosesinin təşkili ümumən qənaətbəxşdir, şagirdlərin davamiyyəti, müəllimlərin peşəkarlıq səviyyəsi Bakı şəhəri üzrə orta göstəricilərə uyğundur.
Hadisənin ilkin səbəbinin məktəbin tarix müəlliminin xəstəliyi ilə əlaqədar direktorun şifahi icazəsi əsasında dərsburaxma hallarına yol verilməsi və buraxılan dərslərin əvəz olunmaması göstərildiyindən, araşdırma zamanı 2014/2015-ci tədris ilində müxtəlif səbəblərdən bütün dərsburaxma halları araşdırılıb. Buraxılan dərslərin əksər hissəsinin ixtisaslı müəllimlər tərəfindən, bir qisminin isə qeyri-ixtisaslı pedaqoji kadrlar tərəfindən əvəz edilməsi və ya boş keçməsi halları müəyyən edilib.
Komissiya tərəfindən araşdırılmış bütün məsələlərin nəticələri nəzərə alınaraq, məktəbin direktoru Qardaşxan Səlimovun intizam məsuliyyətinə cəlb olunaraq, iş yerinin dəyişdirilməsi haqqında qərar qəbul edilib. Növbəti üç ay ərzində məktəbin idarə edilməsi Nizaməddin Ağcayevə həvalə olunub.