"Artek" - 90: Düşərgə yubiley ilində 20 min məktəblini qəbul edəcək
Bu il yay tətilində təxminən 20 min şagird məşhur "Artek" düşərgəsində istirahət edə biləcəklər. APA TV-nin Rusiya mənbələrinə istinadən verilən məlumata görə, bunu Rusiya Federasiyasının baş nazirinin müavini Olqa Qolodets bildirib. Rusiyalı rəsmi düşərgədə olub və burada yenidənqurma işləri ilə maraqlanıb. "Artek"ə daxil olan 6 düşərgədə genişmiqyaslı işlər yay tətilinin başlanmasına qədər yekunlaşacaq. "Bu il düşərgə 20 min şagirdi qəbul edə biləcək. Şagirdlərin yay istirahətinin təşkili dövlət büdcəsindən maliyyələşəcək. Bu start üçün böyük uğurdur, çünki burada heç bir neçə uşağın istirahəti üçün şərait qalmamışdı" deyə Qolodets bildirib. Baş nazirin müavini bildirib ki, istirahət üçün kommersiya xarakterli müraciətlər də var və buna da normal yanaşılır. Xatırladaq ki, "Artek" 1925-ci ildə yaradılıb və o vaxtkı SSRİ-nin ən böyük məktəbli-istirahət mərkəzi olub. Bu il iyunun 16-da düşərgənin 90 illiyi qeyd olunacaq. Hazırda "Artek"in əvvəlki şöhrətinin qaytarılması üçün işlər görülür. "Artek" beynəlxalq uşaq-istirahət mərkəzi kimi UNESCO-nun siyahısına da daxil edilib.