Qadın şəkli çəkməyə utanan əlil rəssamın taleyi...
İlkin 1992-ci ilin payızında dünyaya gəlib. Uşaqlıq sevincini 5-ci sinfə qədər yaşayıb. Amma o vaxtdan bu yana gözləri sağlamlığının ardınca yol çəkir, əzələləri difistrofiyaya uğrayıb. APA TV-nin məlumatına görə, 11 yaşında miopatiya xəstəliyinə tutulub. 13 ildir yeriyə bilmir. Balaca olanda ağ vərəq üzərində çəkdiyi ev şəkli ruhunun ömürlük sığınacağına çevrilib. Bir-birinə qatıb, sözün əsil mənasında, bir əsərə çevirdiyi boyaların həqiqi adını da bilmir. Heç vaxt kətan üzərində çəkməyib. Özündə cəsarət tapmayıb. Həm də kətan alanı olmayıb. Valideynləri İlkinlə birgə eyni xəstəliyə mübtəla olan qardaşını çətinliklə böyüdə biliblər. Xəstəliyə tutulduqdan sonra oxumağa macalı olmayıb. Rəssamlığın zirvəsində olanlardan yalnız bir neçə nəfərin adını bilir. Hər kəsin, hər şeyin rəngli şəklini çəkə bilir. Arzularını isə sözlə belə ifadə edir. Müalicəsi illərdi dayanıb. Yanlış dərman təyinatları xəstə qardaşların səhhətində ciddi problemlər yaradıb. Bu da onu sağalmağına gedən yolda ləngidib. Bütün bu yaşadıqlarına rəğmən nikbindir. Əsərlərində qadın obrazının olmaması diqqət çəkir. Buna aid sualı isə utancaq halda qarşılayır. Hesab edir ki, qadın gözəlliyini çəkə bilmək üçün mükəmməl deyil. Həm də deyir ki, qarşısında insan dayananda baxıb çəkə bilmir. Bunu rəssamlıq təhsilinin olmaması ilə əlaqələndir. İlkin çox vaxt xəritə hazırlayır. Müxtəlif ölkələrin, qitələrin xəritəsini... Bəlkə də, heç kimə deməsə də, öz xəyallarında sağlamlığına qovuşacağı ünvanın yollarını axtarır.