Rusiya müxalifətinin liderlərindən Boris Nemtsov qətlə yetirildi
Rusiya müxalifətinin liderlərindən Boris Nemtsov qətlə yetirilib. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, hadisə gecə 23:40 radələrində baş verib.
Moskvanın mərkəzində naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemtsova 7 dəfə atəş açıblar. Kürək nahiyəsindən güllə yaraları alan Nemtsov hadisə yerində keçinib.
Boris Nemtsovun qatillərinin yaxalanması ilə bağlı əməliyyat planı tətbiq edilib. Bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva bildirib.
Onun sözlərinə görə, Boris Nemtsova atəş açılan zaman onun yanında Kiyevdən gəlmiş 1991-ci il təvəllüdlü bir qız olub.
Yelena Alekseyeva daxili işlər nazirinin hadisə yerinə gəldiyini bildirib.
Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin də baş vermiş cinayətlə bağlı açıqlama verib. O, Nemtsovun fevralın 27-də Kiyevden Moskvaya gəldiyini qeyd edib.
Rusiya prezidenti Vladimir Putinə Boris Nemtsvun qətlə yetirilməsi dərhal məruzə olunub. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vladimir Putin qeyd edib ki, bu ağır qətl sifariş və təxribat xarakteri daşıyır. Dövlət başçısı İstintaq Komitəsi, Daxili İşlər Naziri və Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərinə istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətinə götürməyi tapşırıb. Rusiya prezidenti Boris Nemtsovun yaxınlarına və doğmalarına baş sağlığı verib", - deyə Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin xüsusi nümayəndəsi Yuliya İvanova qətlin törədilmə versiyası kimi "sifariş"in əsas götürüldüyünü deyib.