Bakıda beşmərtəbəli binada yanğın: 3 nəfər zəhərlənib, 1 nəfər yaralanıb
Ötən gecə Bakının Xəzər rayonunda yanğın olub. APA TV-nin məlumatına görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Altıgirişli beşmərtəbəli yaşayış binası qəfil yanmağa başlayıb. Binanın damında başlayan güclü yanğınla bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Hadisə yerində FHN Yanğından Mühafizə idarəsinin Xəzər rayon hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizlik məqsədilə bina sakinlərini təxliyə ediblər.
Yanğın zaman 3 nəfər tüstüdən zəhərlənib. Onlara hadisə yerində ambulator qaydada tibbi yardım göstərilib.
Baş vermiş yanğın təxminən 1200 kvadratmetr sahəni əhatə edib. Bunu hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, binanın damında baş vermiş yanğının mənzillərə keçməsinə imkan verilməyib.
Yanğının qarşısı alınarkən 1 yanğınsöndürən xəsarət alıb. Onun hündürlükdən yıxıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.