Nadejda Savçenko “Matrosskaya tişina”da öldü? – TƏZADLI AÇIQLAMALAR
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Alekseyeva ukraynalı təyyarəçi Nadejda Savçenkonun həbsxanada dünyasını dəyişməsi xəbərini təkzib edib. O bildirib ki, Savçenko sağdır və onun ölümü barədə xəbərlər şayiədir.
Xatırladaq ki, kütləvi informasiya vasitələri ukraynalı təyyarəçi, Ukrayna Ali Radasının üzvü Nadejda Savçenkonun 75 gün davam edən aclıq aksiyasından sonra Moskvanın “Matrosskaya tişina” həbsxanasında dünyasını dəyişdiyi barədə xəbər yayıb. APA TV-nin məlumatına görə, Rusiya Prezidenti yanında İctimai Şuranın üzvü Yelena Masyuk faktı təsdiqləyib. Onun sözlərinə görə, Savçenkonun vəfatına səbəb səhhətinin kəskin pisləşməsi olub. SİTAT: “Onunla son görüşüm zamanı səhhəti kəskin pisləşmişdi. Həkimlərin israrına rəğmən venasına qlükoza yeridilməsinə icazə vermirdi. Bu səbəbdən də onun daxili orqanları funksiyasını dayandırıb”.
Tanınmış siyasi texnoloq Qlev Pavlovski də Nadejda Savçenkonun həbsxanada vəfat etməsi xəbərini təsdiqləyib. Pavlovski bu barədə özünü “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, Ukrayna hökuməti Nadejda Savçenkonu ölkənin AŞPA-da nümayəndə heyətinin üzvü təyin edib. Diplomatik toxunulmazlıq hüququ əldə etməsinə rəğmən Rusiya hüquq-mühafizə orqanları onu azadlığa buraxmaqdan imtina ediblər. Yelena Masyuk dəfələrlə Savçenkonun həbsini ev dustaqlığı ilə əvəzləməyi təklif etsə də, bu təklif rədd edilib. Qeyd edək ki, 75 gün aclıq aksiyası keçirən təyyarəçi Nadejda Savçenko Luqanskda Rusiya dövlət televiziyasının jurnalistlərinin qətlini təşkil etməkdə ittiham olunur. Onun necə həbs olunması və Rusiyaya necə gətirilməsi hələ də sirr olaraq qalır.