Zakir Həsənov: “Xocalı faciəsini törədənlər layiqli cəzalarını alacaqlar”
Azərbaycan prezidentinin göstərişinə əsasən yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib. APA TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlər ilə tanış olublar.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Nazir bildirib ki, Dağlıq Qarabağ probleminin müsbət həlli istiqamətində mühüm işlər həyata keçirilir. Silahlı Qüvvələrin möhkəmləndirilməsi də dövlətin prioritet sahələrindən ən vacibidir.
Son vaxtlar Silahlı Qüvvələrimiz döyüş hazırlığını artırmaqla, döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaqla düşmən üzərində üstünlüyə nail olmaq vəzifəsini layiqincə yerinə yetirir. Zakir Həsənov əlavə edib ki, Xocalı faciəsini törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verəcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar. SİTAT: Bunun üçün isə Silahlı Qüvvələr güclü və möhkəm olmalıdır ki, xalqımız bir daha belə vəhşiliklə üzləşməsin. Biz öz döyüş imkanlarımızı və hazırlığımızı artırmaq məqsədilə silahlarımızı elə dərindən öyrənməliyik ki, xalqımızı qoruya bilək, düşmənə dağıdıcı zərbə endirməklə torpaqlarımızı işğaldan azad edək. Artıq torpaqlarımızın azad olunacağı gün yaxınlaşır. Biz hər gün, hər an, hər təlimdə Silahlı Qüvvələrimizi möhkəmləndirməklə bu günü daha da yaxınlaşdırırıq”.