Bakıda avtomobillərdən oğurluq edən şəxslərdən narkotik tapılıb
Bakının Yasamal rayonunda mağaza və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb. APA TV-nin məlumatına görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Alatava qəsəbəsi ərazisində bir sıra oğurluq faktlarının üstü açılıb. Polis əməkdaşları oğurluqda şübhəli bilinən üç nəfəri - Toğrul Nüsrətovu, Elçin Məmişovu və Aslan Cəfərovu saxlayıblar. Saxlanılan şəxslərin üzərində narkotik də aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri üç mağazadan və təxminən yeddi avtomobildən oğurluq ediblər. Onlar oğurluq yolu ilə əldə etdikləri avtomobil ehtiyat hissələrini Dərnəgül qəsəbəsində tapdıqları müştəriyə satıblar, aldıqları pulu isə narkotikə xərcləyiblər.
Toğrul Nüsrətov bildirib ki, iki avtomobilin yan güzgülərini oğurlayaraq, 55 manata satıb. Dediyinə görə, əldə etdiyi pulu borcuna verib.
Elçin Məmişov avtomobil ustasıdır. Dəstə üzvləri arasında oğurluq hadisələrində daha çox o, iştirak edib. Dediyinə görə, usta kimi müştəri tapa bilmədiyindən, oğurluqla qazanc əldə etmək eşqinə düşüb.
Avtomobillərin yuyulması məntəqəsində işləyən Aslan Cəfərov da oğurluqdan əldə etdiyi gəliri narkotikə xəclədiyini bildirib. Onun sözlərinə görə, narkotiki tanımadığı adamlardan alırmış.
Qeyd edək ki, oğurlanaraq satılmış avtomobil maqnitofonları, ksenon avanadanlıqları, güzgülər və digər ehtiyat hissələri polis əməkdaşları tərəfindən götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. İstintaq saxlanılan şəxslərin başqa cinayətlərdə də iştirakını istisna etmir.