Yol polisi Kürdəmirdə reyd keçirib

 

Kürdəmirdə yol polisi əməkdaşları tərəfindən reyd keçirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 40-dan artıq sürücüyə protokol tərtib edilib. Reyd zamanı şəxsi avtomobillərinin arxa şüşələrinə qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, ötmə, manevretmə qaydalarını pozan və qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə barələrində tədbir görülüb.

            

Reydin gedişində sürücülük vəsiqəsi olmayan və içkili vəziyyətdə avtomobil idarə edən sürücülərə də rast gəlinib. Reyd bir sıra maraqlı məqamlarla yadda qalıb. Belə ki, polis tərəfindən saxlanılan yol hərəkəti qaydalarını pozan sürücülərin bəziləri vəziyyətdən çıxış yolu kimi bunu bilərəkdən etmədiklərini deyiblər. Ancaq onların bütün bu cəhdləri boşa çıxıb və cərimələrdən yayına bilməyiblər.    

 

Kürdəmir Rayon Yol Polisi Şöbəsinin  baş inspektoru Ruslan Talıbov bu cür reydlərin davamlı olaraq, keçiriləcəyini deyib.

Müəllif | Apa.Tv
Zahid Abışov