İçərişəhərə avtomobillərin girişinə qadağa qoyuldu
İçərişəhərdə avtomobillərin hərəkəti 12 gün məhdudlaşdırılacaq. İçərişəhər Qoruq İdarəsindən APA TV-yə verilən məlumata görə, Bakı şəhərində Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri başlayıb. Film çəkilişlərinin bir hissəsinin mart-aprel aylarında İçərişəhərdə keçirilməsi planlaşdırılır. Bununla əlaqədar martın 2-dən 14-dək İçərişəhərə avtomobillərin girişi və hərəkəti məhdudlaşdırılacaq. Martın 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.
Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq.