“Die Welt”: Qərb Ukraynanı Rusiyaya qurban verməyə hazırlaşır

Almaniyada Avropada sülhün bərqərar olması müqabilində Ukraynanın qurban vermək meylləri artır. APA TV-nin məlumatına görə, bu fikir “Die Welt” nəşrinin analitiki Rixard Xerçinqerin məqaləsində öz əksini tapıb. Müəllif bildirir ki, alman siyasətçilər Almaniyanın birləşməsi dövründə olduğu kimi yenə də Rusiya ilə diplomatik yollarla dil tapmağa çalışırlar. Lakin soyuq müharibə dövründən fərqli olaraq onlar Putinin siyasətinə güc yolu ilə cavab vermək istəmirlər. Analitik hesab edir ki, Ukraynanın şərqində hərbi vəziyyətin stabilləşməsi aldadıcı xarakter daşıyır. Onun fikrincə, Moskvanın dəstəklədiyi separatçılar atəşkəsdən işğal etdikləri ərazilərdə möhkəmlənmək və yeni hücuma hazırlaşmaq məqsədilə istifadə edirlər. Xerçinqer hesab edir ki, almanların Ukrayna münaqişəsinə qeyri-müəyyən mövqeyinin yeganə nəticəsi separatçıların Ukraynadan qopardığı ərazilərdə möhkəmlənməsidir. Bəzi Almaniya kütləvi informasiya vasitələri hesab edir ki, Ukrayna Avropada sülhün bərqərar olması üçün öz ərazilərinin mühüm bir hissəsini separatçılara güzəştə getməlidir. Hətta yazıların birində qeyd olunur ki, müasir dünyada sərhədlərin toxunulmazlığı prinsipi artıq aktuallığını itirib. Bu fikir təkcə Almaniyada deyil, digər Avropa ölkələrində də möhkəmlənməkdədir. Analitik sonda qeyd edir ki, Qərbin qeyri-müəyyən mövqeyi Şərqi Avropada ciddi narahatlıq yaradır, şərqi avropalılar hesab edir ki, Qərb bərk ayaqda onları müdafiə etməyəcək. Və bu ikili standartın ilk qurbanı Avropanın bir hissəsinə çevrilmək istəyən Ukrayna ola bilər.

Müəllif | Apa.Tv
Apa.tv