FHN çörəyin qiyməti ilə bağlı məlumat yaydı
Son günlər əhali arasında çörəyin qiymətinin arta biləcəyi ilə bağlı müəyyən narahatlıqlar yaranıb. APA TV-nin məlumatına görə, bu narahatlıqlara aydınlıq gətirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədov açıqlama verib. O bildirib ki, əhalinin keyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan prezidentinin daim diqqət mərkəzindədir: “Əhalinin keyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu həssas sahə üzrə verdiyi göstərişlər, imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar, xüsusilə də çörək təminatı sahəsində bolluğun və qiymət sabitliyinin təmin edilməsinə səbəb olmuşdur.
“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış Dövlət Taxıl Fondunun əsas funksiyası fövqəladə hallarda istehlakçıların taxıl məhsullarına olan tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaqdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 406 nömrəli Qərarı ilə Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcmi 500 min tondan 750 min tona qaldırılmışdır ki, bu da daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə intervensiya aparmağa, istisna hallarda qıtlıqdan sui-istifadə edilməklə qiymət artımına cəhdlərin qarşısının alınmasına imkan verir”.
Zülfüqar Məmmədov bildirib ki, bu gün Dövlət Taxıl Fondundakı yüksək keyfiyyətli ərzaqlıq buğda ehtiyatları 500 min tona yaxındır: “Bununla yanaşı, saxlanılma müddəti başa çatmış taxılın istifadəyə buraxılmasından əldə edilən vəsait hesabına əlavə olaraq yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarük edilməsi istiqamətində Rusiya və Qazaxıstandan olan buğda istehsalçıları ilə danışıqlar aparılır”.