Əsl inqilab burada baş verib - MÖCÜZƏLƏR ADASINDAN REPORTAJ
7 noyabr, 1949-cu il. Dünya neft sənayesində inqilab baş verən gün. Planetimizdə ilk dəfə məhz bu gün dənizdən neft çıxarıldı və bu tarixi fakta Azərbaycanda imza atıldı.
Yolumuz Azərbaycanın ən Şərq yaşayış məntəqəsinə - Neft daşlarınadır. Neft daşlarına getmək üçün iki nəqliyyat vasitəsindən - gəmi və vertolyotdan istifadə olunur. Biz yolu yaxınlaşdırmaq üçün vertolyotla gedəcəyik.
Neft Daşlarına gəmi ilə getmək 6 saata başa gəlir. Bizim isə o qədər vaxtımız yoxdur. Buna görə də vertolyotla getməli olduq. Budur, cəmi 15 dəqiqəyə Möcüzələr adasına çatırıq.
Azərbaycanda neft sənayesinin inkişafı Bibiheybət və Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan qara qızılın fontan vurması ilə başlayır. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 metr uzaqlıqda, dənizdə qazılmış quyudan neft hasil edildi. Bu, Azərbaycan neftçilərini dünyada ilk dəfə daha cəsarətli bir addım atmağa həvəsləndirdi. Belə bir ehtimal ortaya çıxdı - sahilə yaxın ərazilərdə neft çıxarmaq mümkündürsə, deməli bunu dənizin ortalarında da etmək olar. Buna qədər isə geoloqların diqqətini cəlb edən bir yer var idi. Dənizdə çox da hündür olmayan Qara Qayalar. Böyük tədqiqat işlərindən sonra Qara Qayalarda qazma işlərinin aparılmasına qərar verilir. Üzməyə yaramayan, istismar müddəti başa çatmış 7 köhnə gəmi bura gətirilir, anbara dolmuş su gəmini göyərtəyə qədər olan hissəsini dənizin dibinə batırır. Neftçilər dalğaların qabağını alan bu gəmilərdən məişət məqsədi ilə istifadə etməyə başlayır, nəticədə köhnə gəmilər buruq meydançasına çevrilir. Texniki hazırlıq işləri başa çatdıqdan sonra Qara Qayalarda qazma işlərinə start verilir.
Təbiət neftçilərin keçirdiyi yuxusuz gecələrin, küləkli havada bir-birini əvəzləyən günlərin əvəzini mükafatlandırır. Bundan əla mükafat ola bilməzdi. 5 ay əvvəl qazılan quyuda neft fontan vurur. Bu quyunun istismar müddəti başa çatsa da, neftçilərin əsas rəmzi kimi indi də qorunub saxlanılır.